LAÇIN-XANKƏNDİ YOLU ÜZƏRİNDƏ AKSİYAYA DAİR HÜQUQ FAKÜLTƏSİNİN BƏYANATI
16 Dekabr 2022 06:23
Azərbaycan Respublikası vətəndaş cəmiyyəti nümayəndələrinin və ictimai fəalların Laçın-Xankəndi yolu üzərində aksiyasına dair
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
BƏYANATI
Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonunda təbii sərvətlərin talanmasına və ətraf mühitin çirkləndirilməsinə qarşı keçirilən aksiya:
1. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçirilir;
2. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsində nəzərdə tutulan hüququn (Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır) realizəsidir;
3. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan ictimai birliklərin hüquqları (Ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarəti həyata keçirmək; təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə məsələləri qaldırmaq) çərçivəsində həyata keçirilir;
4. “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə (Alınması məhdudlaşdırılan informasiya istisna edilməklə, hər bir şəxs zamanından asılı olmayaraq və şərt qoyulmadan ətraf mühitə dair informasiya almaq hüququna malikdir) əsasən gerçəkləşir;
5. Azərbaycan Respublikasının iştirakçısı olduğu 1998-ci il Avropa İqtisadi Komissiyasının Ətraf mühit məsələlərində informasiya əldə etmək, qərarların qəbulunda ictimai iştirak və ədalət mühakiməsinə çatımlılıq haqqında Konvensiyanın (Orhus Konvensiyası) müddəalarına uyğun olaraq baş tutur;
6. İşğal dövründən başlayaraq istismar edilən təbii ehtiyatlar yataqlarının talanmasının mövcud durumunun aşkarlanmasına səbəb olacaqdır;
7. 10 noyabr 2020-ci il tarixinədək ətraf mühitə dəymiş ziyana görə işğalçı Ermənistanın məsuliyyətini (misal olaraq - Armed Activities on the Territory of the Congo (Democratic Republic of the Congo v. Uganda işi), həmin tarixdən sonra baş verənlərə görə isə Azərbaycan Respublikasının qanunvericiliyinə (İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi - İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə; Cinayət Məcəlləsinin 255-ci maddəsi - Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) əsasən məsuliyyəti gündəmə gətirir;
8. Ərazidəki “sülhməramlılar”ın vətəndaşların qeyd olunan konstitusion hüquqlarının, o cümlədən ölkə ərazisində sərbəst hərəkət etmək azadlığının məhdudlaşdırılması onların Azərbaycan Respublikasının ərazisində səlahiyyət dairəsinin (mandatının) müəyyən edilməsini və BMT çərçivəsində hesabatlılığının zəruriliyini aktuallaşdırır;
9. “Sülhməramlılar”ın ərazidə yaşayan erməni əsilli şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına şərait yaratmasını, qarşılıqlı etibarın artırılmasında fəal olmasını, Azərbaycan Respublikasının qanunlarının dövlətin bütün ərazisində aliliyinə mane olmamasını qaçılmaz edir;
10. Ətraf mühitin qorunmasına yönəlmiş normativ aktların Azərbaycan Respublikasının bütün ərazisində bərqərar olmasını, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasını, ekoloji pozuntuların aradan qaldırılmasını və gələcəkdə istisna edilməsini, bu istiqamətdə fəaliyyətin yalnız qanunvericiliyin tələblərinə uyğun aparılmasını və cəzasızlığın aradan qaldırılmasını gündəmə gətirir.
Şuşa şəhəri,
15 dekabr 2022-ci il
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42