LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü, ADU TGT-nin nəzdində AULMUN Klubunun birgə əməkdaşlığı və AzMUN proqramının dəstəyi ilə hüquq sferasında ilk dəfə bu formatda təşkil olunan “LawMUN” layihəsi baş tutmuşdur. BMT modeli simulyasiya konfransının mövzusu “Müasir münaqişələrdə humanitar hüququn pozulması” olmuşdur. BMT modeli simulyasiyası ilə maraqlanan tələbələr konfransda iştirak edərək MUN təcrübəsi qazanmış, bilik və bacarıqlarını artırmağa nail olmuşlar. Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Veysəl Mirzəzadə iştirakçıları salamlayaraq “LawMUN” layihəsi və onun məqsədləri haqqında məlumat vermişdir. Konfransda moderator qismində tələbələr - İsmət Bayramov, direktor qismində Lalə Süleymanova, sədr qismində isə Sabir Sultanov iştirak etmişlər. Konfrans 3 sessiyadan ibarət olmuşdur. Birinci sessiyada hər bir nümayəndə müvafiq mövzuda öz ölkəsinin adından çıxış etmişdir. İkinci sessiyada ölkələr tərəfindən müxtəlif mövzular təklif edilərək müzakirəyə çıxarılmışdır. Üçüncü sessiyanın sonunda gərgin mübarizə şəklində nümayəndələr fikir mübadiləsi apararaq ortaq qərara gəlmiş, qətnamə hazırlamış və səsə qoyaraq 25 lehinə səslə qəbul etmişlər. Sonda konfransda iştirak etmiş bütün nümayəndələrə sertifikat təqdim edilmişdir. Əlavə olaraq “Best Debutant” nominasiyası üzrə Cəfər Əliyev, “Best Debater” nominasiyası üzrə Nicat Məmmədov, “Best Delegate” nominasiyası üzrə Siyavuş Bağırov və Şəbnəm İbrahimli, “Best Position Paper” nominasiyası üzrə Anar Ağamirzəyev, “Honorable Mention” nominasiyası üzrə isə Sura Qasımzadə sertifikatla təltif olunmuşlar. Simulyasiya beynəlxalq ümumi hüquq, o cümlədən beynəlxalq təşkilatlar hüququ və beynəlxalq humanitar hüquq fənlərinin tələbələr tərəfindən daha dərindən mənimsənilməsi baxımından faydalı olmuşdur.