LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
2 may 2025-ci il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının “Masterclass” layihəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq elmləri doktoru, professor Lətif Hüseynovun iştirakı ilə “Avropa İnsan Hüquqları Konvensiyası – 75” mövzusunda mühazirə keçirilmişdir. Tədbir Hüquq fakültəsinin dekanı Zaur Əliyevin açılış nitqi ilə başlamış, iştirakçılara professor Lətif Hüseynovun elmi fəaliyyəti, karyera yolu və elmi nailiyyətləri haqqında ətraflı məlumat təqdim edilmişdir. Mühazirə interaktiv formatda keçirilmiş və iki hissədən ibarət olmuşdur. Birinci hissədə professor Lətif Hüseynov tələbələrlə Avropa İnsan Hüquqları Məhkəməsinə gedən peşəkar yolunu, beynəlxalq təcrübələrini və hüquq sahəsində qazandığı bilik və bacarıqları bölüşmüşdür. Daha sonra mühazirənin əsas mövzusu olan Avropa İnsan Hüquqları Konvensiyası barədə geniş məlumat verilmişdir. Konvensiyanın məqsədi, məzmunu və Avropa Şurasına üzv dövlətlərdə insan hüquq və azadlıqlarının hüquqi müdafiəsinin təmin olunmasındakı rolu iştirakçılara ətraflı şəkildə izah edilmişdir. Bununla yanaşı, professor Lətif Hüseynov Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyəti, məhkəmə mexanizmləri və prosedurları haqqında da geniş məlumat vermişdir. Həmçinin, tələbələrin Konvensiya və Məhkəmə ilə bağlı ünvanladıqları suallar cavablandırılmış, aktual hüquqi məsələlər ətrafında canlı və məhsuldar fikir mübadiləsi aparılmışdır. Bütün ali təhsil müəssisələrinin hüquq fakültələrinin iştirakı ilə keçirilmiş bu mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanmış, fəallıq göstərən iştirakçılara sertifikatlar təqdim olunmuşdur.