MAGİSTRANTLARIN DƏRSİ ƏQLİ MÜLKİYYƏT AGENTLİYİNDƏ KEÇİRİLİB
BDU-nun Hüquq fakültəsinin magistrantlarının dərsi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində keçirilmişdir
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanovun təşəbbüsü və dəstəyi ilə 2019-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Əqli mülkiyyət hüququ kafedrası yaradılmışdır. Agentlik kafedranın fəaliyyətini hərtərəfli dəstəkləyir, həmçinin tədris prosesi və tələbələrin təcrübə keçməsi sahəsində Agentliyin imkanlarından geniş istifadə olunur.
Hüquq fakültəsində “Əqli mülkiyyət hüququ” ixtisası üzrə yeni magistr proqramı təsis edilmişdir. 2021-ci ildən qeyd olunan proqram Fransanın Lyon-2 Universiteti ilə bağlanmış müqavilə əsasında ikili diplom proqramına çevrilmişdir. Proqramı uğurla başa vuran məzunlara həm Bakı Dövlət Universitetinin, həm də Lyon-2 Universitetinin diplomları veriləcəkdir. Bu proqram çərçivəsində Əqli Mülkiyyət Agentliyi magistrantların praktiki biliklərinin inkişaf etdirilməsi və bu sahədə mövcud peşəkar təcrübənin öyrənilməsi istiqamətində əsas tərəfdaş kimi çıxış edir.
Azərbaycanda əqli mülkiyyət üzrə yeni nəsil mütəxəssisləri hazırlamağa imkan verən, ingilis və fransız dillərində aparılan bu proqram, ilk fransız-Azərbaycan ikili diplom proqramıdır. İkili diplom proqramı çərçivəsində həm BDU-nun, həm də Lyon-2 Universitetinin tədris prosesində iştirakı təmin edilmişdir. Əqli mülkiyyət hüququ: müqayisəli hüquq, Dizayn hüququ, Əqli mülkiyyət hüququnun aktual problemləri kimi fənlər fransız müəllimləri tərəfindən tədris edilir.
Müvafiq proqramda təhsil alan magistrantların bəzi dərslərinin Əqli Mülkiyyət Agentliyində keçirilməsinə başlanılmışdır. Agentliyin maddi-texniki bazasından istifadə etməklə dərslər standartlara uyğun formada təşkil edilir. Bu tədbirlər çərçivəsində Agentlikdə "Əmtəə nişanlarının qorunması: beynəlxalq mexanizmlər və əmtəə nişanlarının qeydiyyatı üçün imperativ meyarlar" mövzusunda ilk dərs keçirilmişdir.
Hüquq fakültəsinin müəllimi Aydan Məmmədova tərəfindən magistrantlara əmtəə nişanlarına dair əsas anlayışlar, əmtəə nişanlarının qorunması sahəsində mövcud olan regional və beynəlxalq hüquqi mexanizmlər barədə məlumat verilmiş, həmçinin bu sahədə Avropa İttifaqı Məhkəməsinin bir sıra qərarları müzakirə edilmişdir.
Dərs çərçivəsində həmçinin magistrant Nəzrin Əliyeva “Əmtəə nişanlarının iqtisadi inkişafda rolu” mövzusunda ingilis dilində təqdimatla çıxış etmişdir. İnteraktiv və maraqlı diskussiyaların keçirildiyi mühazirə hüquqi kazusların müzakirəsi ilə yekunlaşmışdır.
Daha sonra magistrantlar Agentliyin strukturu ilə tanış olmuş, iş fəaliyyəti barədə geniş məlumat əldə etmişlər. Magistrantlar Agentliyin tabeliyində olan Patent və Əmtəə nişanlarının Ekspertizası Mərkəzinin müvafiq şöbəsinin iş fəalliyəti ilə yaxından tanış olmuş və onları maraqlandıran sualları bu sahədə geniş təcrübəyə malik mütəxəssislərlə müzakirə etmişlər.
Fransanın Lyon-2 Universiteti ilə Hüquq fakültəsi arasında magistratura səviyyəsində ikili diplom proqramına əsasən “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə tədris olunan bu dərsin Əqli Mülkiyyət Agentliyində keçirilməsi magistrantlara bu sahə üzrə yeni bilik və bacarıqlar əldə etmək imkanı yaratmışdır.