MƏMMƏD XƏLƏFOVUN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı Dövlət Universitetində hüquq elmləri doktoru, professor Məmməd Xələfovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
Məmməd Süleyman oğlu Xələfov 20 oktyabr 1922-ci il tarixində Füzuli rayonunun Dördçinar kəndində anadan olmuşdur. 1940-cı ildə orta məktəbi bitirmişdir. 1940-1943-cü illərdə Böyük Vətən müharibəsində iştirak etmiş və 1943-cü ildə ağır yaralandıqdan sonra tərxis olunmuşdur. 1943-1945-ci illərdə Gəncə şəhər 29 saylı orta məktəbdə hərbi rəhbər olmuşdur. 1950-ci ildə BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1950-1953-cü illərdə BDU-nun Mülki hüquq kafedrasının aspirantı olmuş, 1954-cü ildə namizədlik, 1974-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1953-cü ildən BDU-nun Mülki hüquq kafedrasının müəllimi, baş müəllimi, dosenti, professoru, 1985-ci ildən ömrünün sonunadək Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri vəzifəsində işləmişdir.
1959-1962-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə bölməsində Hüquq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1962-ci ildən 1980-ci ilədək BDU-nun Hüquq fakültəsinin dekanı olmuşdur. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Hüquq komissiyasının sədri olmuşdur. Əsas tədqiqat sahəsi mülki hüquq elminin müxtəlif problemləri ilə əlaqədar olmuşdur. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 150-dən çox elmi əsərin müəllifi olmuşdur. Elmi rəhbərliyi altında 10-dan çox elmlər namizədi hazırlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Elmi-məsləhət və Azərbaycan Respublikası Prokurorluğunun Elmi-metodiki Şuralarının üzvü, Hüquq ensiklopedik lüğəti redaksiya şurasının sədri olmuşdur. Hüquqşünas kadrların hazırlanmasında göstərdiyi xidmətlərə görə bir sıra orden və medallarla, habelə fəxri fərmanlarla təltif olunmuş, «Azərbaycan SSR-nin Əməkdar hüquqşünası» fəxri adına layiq görülmüşdür. 12 aprel 1992-ci ildə vəfat etmişdir.
ALLAH rəhmət eləsin!