MİLLİ QURTULUŞ GÜNÜ VƏ UNESCO-YA ÜZVLÜYÜN 30-CU İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Milli Qurtuluş Gününə və Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Milli Qurtuluş Gününə və Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 30 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq: milli qurtuluşdan müasir inkişafa doğru” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq üzrə elmlər doktoru, professor Lətif Hüseynov, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Nizami Səfərov, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Eltay Aslanov, Avropa Şurasının Bakı Ofisinin nümayəndəsi Pərvanə Bayramova, Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilov, Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Elnur Aslanov, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi Jalə Əzizova, Hüquq fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününün əhəmiyyəti, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dərin ictimai-siyasi və iqtisadi böhrandan xilası və davamlı inkişafın təməllərinin qoyulduğunu diqqətə çatdırmışdır. Zaur Əliyev qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etmiş, ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, beləliklə də Azərbaycanı bütöv görmək istəyən ulu öndər Heydər Əliyevin ən böyük arzusu həyata keçirilmişdir. Tədbirin həmçinin Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 illiyinə həsr olunduğunu deyən Zaur Əliyev Azərbaycan və UNESCO arasında əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, ölkəmizin iştirakçısı olduğu bütün beynəlxalq platformalarda dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində etibarlı tərəfdaşa çevrildiyini bildirmişdir. Ölkəmizin UNESCO ilə əməkdaşlığının inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətlərini xüsusi vurğulayan Z.Əliyev işğaldan azad edilmiş ərazilərdəki abidələrin mənşəyindən asılı olmayaraq bərpasının dövlətimiz üçün prioritet təşkil edən məsələlər sırasında yer aldığını və bu sahədə Heydər Əliyev Fondunun böyük layihələr icra etdiyini diqqətə çatdırmışdır.
Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, professor Lətif Hüseynov “Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində təhsil hüququ”, Milli Məclisin deputatı, professor Nizami Səfərov “Müharibə zamanı mədəni sərvətlərin qorunması rejiminin pozulması: müharibə cinayəti və ya mədəni soyqırım?”, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Eltay Aslanov “Azərbaycan Respublikası ilə UNESCO arasında əməkdaşlığın başlıca istiqamətləri”, Avropa Şurasının Bakı Ofisinin nümayəndəsi Pərvanə Bayramova “Avropa Şurasının Hüquq fakültəsi ilə əməkdaşlığı”, Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilov “Mübahisələrin alternativ həlli yeni trend kimi: BDU-nun Hüquq fakültəsinin mediasiya islahatlarında rolu”, Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli “Təhsil beynəlxalq münasibətlərdə yumşaq güc aləti kimi: Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlığı”, Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Elnur Aslanov “Azərbaycan Respublikasının daxili işlər orqanları və beynəlxalq təşkilatlar: əməkdaşlığın perspektivləri”, Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri, professor Əmir Əliyev “İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının fəaliyyətinin əsas istiqamətləri”, Hüquq fakültəsinin Hüquq klinikasının rəhbəri, hüquq üzrə elmlər doktoru Turqay Hüseynov “Azərbaycan və Avropa İttifaqı: inkişaf perspektivləri”, Hüquq fakültəsinin IV kurs tələbəsi, Tələbə elmi cəmiyyətinin sədri Ceyhun Xəlilov “Tələbə elmi cəmiyyətinin Hüquq fakültəsinin inkişafında rolu” mövzularında məruzə ilə çıxış etdilər.
Tədbirin sonunda cari ilin 6-8 iyun tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilmiş Beynəlxalq Humanitar Hüquq üzrə məhkəmə müsabiqəsində birinci yerə layiq görülmüş Hüquq fakültəsinin IV kurs tələbələri Məryam Atakişiyeva, Röya Məlikzadə və Kənan Qayıbov Hüquq fakültəsinin dekanı Zaur Əliyev tərəfindən təşəkkürnamə ilə təltif edildilər.