QADINLARA QARŞI ZORAKILIĞIN QARŞISININ ALINMASINA DAİR TƏLİM KEÇİRİLİB
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Avropa Şurasının Bakıdakı nümayəndəliyi ilə birgə “Avropa İnsan Hüquqları Konvensiyası – 70” maarifləndirmə kampaniyasına start vermişdir. Konvensiyanın qüvvəyə minməsinin 70-ci ildönümünə həsr edilmiş kampaniya tələbələrin insan hüquqları sahəsində fundamental sənədlərdən sayılan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın müddəalarının və Avropa Məhkəməsinin presedent hüququnun dərindən öyrənilməsinə xidmət edir. Hüquq fakültəsinin dekanı Zaur Əliyevin və Avropa Şurasının Azərbaycan Respublikasındakı ofisinin rəhbəri Petr Zixin təşəbbüsü ilə başlanan bu maarifləndirmə kampaniyasının növbəti təlimi keçirilmişdir. “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ – qadınlara qarşı zorakılıq və məişət zorakılığı” mövzusunda keçirilmiş tədbirdə təlimçi qismində Avropa Şurasının eksperti Pərvanə Bayramova iştirak etmişdir. Təlimçi, qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, bu mövzuda məhkəməyə daxil olmuş müraciətlər, onlara baxılması, məhkəmənin qərarları və onların icrası haqqında ətraflı məlumat vermişdir. Çıxışında baxılmış işlərdən misallar gətirən ekspert özünün geniş bilik və təcrübəsinə əsaslanan məlumatları tələbələrlə bölüşmüşdür. İnteraktiv formada keçmiş təlim tələbələr tərəfindən böyük maraqla qarşılanmış, tələbələr bu cür təlimlərin davamlı olmasının vacibliyini vurğulamışlar.