ŞƏHİDİN ABİDƏSİ ZİYARƏT EDİLİB
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 02.12.2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si qeyd edilən Anım Günü ilə əlaqədar Hüquq fakültəsinin dekanı Zaur Əliyev və professor-müəllim heyəti şəhid Ceyhun Şalıyevin abidəsini ziyarət etmiş və ailəsinə baş çəkmişlər.
Şalıyev Ceyhun 2014/2015- ci tədris ilində Hüquq fakültəsini bitirmiş, 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Aprel döyüşlərində böyük şücaət göstərən Ceyhun Vətən müharibəsi zamanı könüllü olaraq müharibədə iştirak etmiş, oktyabr ayının 1-də qəhrəmancasına şəhid olmuşdur. Ceyhun öz fitri istedadı, bacarıq və qabiliyyəti, təlim-tərbiyəsi ilə professor-müəllim heyətinin rəğbətini qazanmışdır. Ailəsi ilə görüş zamanı onun həyat yolu ilə yaxından tanışlığımızda Ceyhunun həm də idman sahəsində böyük uğurlarının olduğunu, orta məktəbi fərqlənmə ilə bitirdiyi də məlum oldu. Ceyhun eyni zamanda mərhəmətli ürəyə sahib olmuşdur. Onun Hüquq fakültəsində təhsil aldığı dövrdə “Tələbədən tələbəyə” layihəsi çərçivəsində yuxarı kurs tələbələrindən aşağı kurs tələbələrinə dərslik və əlavə ədəbiyyatların bağışlanması təşəbbüsü onun həm də son dərəcə mərhəmətli insan olduğunun göstəricisi idi. Şalıyev Ceyhun Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
44 günlük Vətən müharibəsi zamanı Hüquq fakültəsinin 50-dən çox tələbə və məzunu Vətən müharibəsində könüllü iştirak etmişdir.
ALLAH bütün şəhidlərimizə rəhmət eləsin!