STRASBURQA TƏLİM SƏFƏRİNİN III GÜNÜNDƏ HELP TƏLİMÇİSİ EVA PATRASANA İLƏ GÖRÜŞ
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyevin rəhbərliyi ilə fakültənin müəllim və tələbə heyətinin Strasburq şəhərinə Avropa Şurasının mənzil-qərargahına təlim səfəri davam edir. Səfərin üçüncü günü iki hissədən ibarət gündəliklə həyata keçirilmişdir. Belə ki, günün birinci yarısı Avropa Şurasının İnsan hüquqları təlimi bölməsinin rəhbəri Eva Pastrana qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair HELP kursu haqqında tələbələrə ətraflı məlumat vermiş və kursa qeydiyyat qaydasını izah etmişdir.
Sonra Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığının Azərbaycan üzrə insan hüquqları məsləhətçisi Furkat Tishayevin mühazirəsi dinlənilmiş və qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Müzakirə zamanı dekan Zaur Əliyev çıxış edərək bildirmişdir ki, Ermənistanın işğalı nəticəsində 30 ilə yaxın müddətdə azərbaycanlı qaçqınların və məcburi köçkünlərin pozulmuş fundamental hüquq və azadlıqları BMT-nin Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərin qeyd-şərtsiz azad edilməsinə dair müvafiq qətnamələrinin olmasına baxmayaraq illərlə davam edən zorakılıqlara və beynəlxalq hüquq normalarının pozuntusuna Azərbaycan özü son qoymuşdur. Dekan bildirmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə BMT Nizamnaməsinə uyğun olaraq, beynəlxalq humanitar hüquq normaları gözlənilməklə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olundu. Ermənistanın işğal altında saxladığı əraziləri viran qoyduğunu, yerlə-yeksan etdiyini diqqətə çatdıran dekan bütün infrastrukturun, tarixi, dini, mədəni abidələrin dağıdıldığını diqqətə çatdırmışdır. Respublikamızın konstitusiya quruluşunun bərpa edilməsi, qanunsuz silahlı birləşmələrin və terrorçu qüvvələrin zərərsizləşdirilməsi məqsədilə cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda beynəlxalq hüquq normalarına və milli qanunvericiliyə uyğun olaraq lokal xarakterli antiterror tədbirləri həyata keçirən Ordumuz bir gün ərzində uğurlu qələbəyə imza atdı və dövlət suverenliyimiz tam şəkildə bərqərar olundu. Öz çıxışının davamında Zaur Əliyev xüsusi vurğulamışdır ki, biz hüquqşünas olduğumuz üçün məsələyə hüquqi aspektdən yanaşırıq. Ona görə də qeyd etməliyik ki, Azərbaycan Respublikasının həyata keçirdiyi bütün əməliyyat və tədbirlər beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinə, BMT Nizamnaməsinə, beynəlxalq humanitar hüququn əsas müddəalarına uyğun şəkildə həyata keçirilmişdir. Dekan xüsusi olaraq vurğulamışdır ki, Qarabağ iqtisadi rayonunun erməni əsilli sakinləri könüllü olaraq oranı tərk edir, baxmayaraq ki, Azərbaycan tərəfi onları qida məhsulları, enerji, yanacaq, tibbi yardım və digər zəruri məmulatlarla təmin edir. Erməni sakinlərin Azərbaycan ərazisini tam könüllü şəkildə tərk etməsi ilə bağlı yetərincə mötəbər mənbələrin, faktların və video materialların olduğunu bildirən dekan qeyd etmişdir ki, bölgədə uzunmüddətli sülhün təmin edilməsi üçün Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının da məsələyə obyektiv yanaşması xüsusi önəmlidir.
Zaur Əliyev həmçinin, Ermənistanın hələ də minalanmış ərazilərin dəqiq xəritələrini təhvil verməməsini azərbaycanlıların yaşamaq hüququna qəsd kimi qiymətləndirərək, İnsan Hüquqları üzrə Komissarın insan hüquqlarının kobud pozuntusu ilə müşayiət olunan bu cür ciddi məsələyə münasibət bildirməsi ilə bağlı müraciət etmişdir.
Komissarlığın nümayəndəsi qeyd olunanların ciddi narahatlıq doğurduğunu etiraf edərək bu məsələni Komissarın diqqətinə çatdıracağını bildirmişdir.
Günün ikinci yarısında Hüquq fakültəsinin müəllim və tələbə heyəti Avropa İnsan Hüquqları Məhkəməsində olmuş, Azərbaycandan seçilmiş hakim Lətif Hüseynov və qardaş Türkiyədən seçilmiş hakim Saadet Yüksellə görüşmüşlər. Tələbələr hakimlərin mühazirələrini dinləmişlər. Səmimi və faydalı görüş hakimlərin öz təcrübəsindən olan məhkəmə presedentləri haqqında məlumat verməsi və tələbələrin suallarını cavablandırması ilə davam etmişdir.
Təlim səfəri davam edir.