TƏLƏBƏDƏN MƏKTƏBLİYƏ ADLI LAYİHƏYƏ START VERİLİB
Bakı Dövlət Universiteti Hüquq Fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "Tələbədən məktəbliyə" adlı ölkəmizin hüquq fakültələri tarixində ilk olan yeni layihəyə start verilmişdir. "Tələbədən məktəbliyə" layihəsinin ilk buraxılışında Hüquq Fakültəsi Tələbə Gənclər Təşkilatının idarə heyəti üzvləri Gənc İstedadlar Liseyinə səfər etmişlər. Görüş zamanı məktəblilərlə interaktiv sessiyalar keçirilmiş, onlarla hüquq, hüquq təhsili, hüquqşünaslıq ixtisası, hüquq fakültəsi, onun tarixi, nailiyyətləri, yaratdığı imkanlar və digər məsələlər müzakirə edilmiş, tələbələr və məktəblilərin birgə iştirakı ilə real kazuslar üzərində işlər görülmüş, tələbələr məktəblilərin yanaşmaları ilə tanış olmuş, məktəblilər tələbələrin təcrübəsi əsasında hüquqşünaslıq ixtisasına qəbul olmağın, bu ixtisasa uyğun olub-olmadıqlarını müəyyən etməyin yolları ilə tanış olmuşlar. Məktəblilər tərəfindən böyük maraqla qarşılanmış görüş boyunca məktəblilərin müzakirələrdə və kazusların həllində aktiv iştirakı müşahidə edilmiş və onlar tərəfindən tələbələrə bir çox suallar ünvanlanmışdır. Görüş onların gələcək fəaliyyətləri və ixtisas seçimi zamanı düzgün istiqamət seçmələrində, qürurverici və şərəfli olduğu qədər məsuliyyətli və çətinliklərlə dolu hüquqşünaslıq ixtisası ilə bağlı düşüncənin və marağın formalaşmasında önəmli rol oynamış və gələcək hüquq elminin inkişafında mühüm rol oynayacaq potensial gənclərin aşkarlanmasına öz töhfəsini vermişdir.