TƏLƏBƏLƏR ƏDLİIYYƏ NAZİRLİYİNİN MƏHKƏMƏ EKSPERTİZASI MƏRKƏZİNDƏ OLUBLAR
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi arasında əldə olunmuş razılığa əsasən, hüquqşünas tələbələr müntəzəm olaraq nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların, o cümlədən məhkəmələrin işi ilə yerində tanış olurlar, ədliyyə orqanları işçilərinin praktiki mühazirələrini dinləyirlər. Ədliyyə Nazirliyi ilə Hüquq fakültəsi arasında əməkdaşlıq çərçivəsində Hüquq fakültəsinin IV kurs tələbələri 01.11.2022-ci il tarixində “Kriminalistika və məhkəmə ekspertizası” kafedrasının dosenti İpək Abbasovanın rəhbərliyi ilə kriminalistikanın müasir problemləri və müasir tədqiqat metodları haqqında məlumat əldə etmək məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində oldular.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində tələbələr mühəndis-texniki, psixoloji, yol-nəqliyyat hadisələrinin və iqtisadi ekspertizaların müasir imkanlarına dair mühazirələri dinləmişlər.
Bundan sonra tələbələr qrup şəklində aşağıdakı məhkəmə-ekspertizası şöbələrində olmuşlar:
- Fiziki-kimyəvi ekspertizalar şöbəsi
- Bioloji ekspertizalar şöbəsi
- Sənədlərin texniki ekspertizaları şöbəsi
- Əlyazmalar və səslərin ekspertizaları şöbəsi
- Ballistik və trasoloji ekspertizalar şöbəsi
Burada tələbələrə yuxarıda adları qeyd edilən müvafiq şöbələrin ekspertləri müasir elmi-texniki vasitələr və tədqiqat metodları haqqında məlumat verməklə bərabər, Məhkəmə Ekspertizası Mərkəzində aparılan tədqiqatlarla bağlı da fikir söylədilər. Xüsusilə kompüter cinayətləri ilə bağlı məhkəmə ekspertizaları, səslə (fonoskopik) bağlı ekspertizalar, ballistik ekspertizalar və s. tələbələrin böyük marağına səbəb oldu. Ekspertlər tələbələri maraqlandıran sualları ətraflı cavablandırdılar.