TƏLƏBƏLƏR HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ OLUBLAR
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi ərəfəsində Hüquq fakültəsinin tələbələri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Heydər Əliyev irsinin araşdırılması, təbliği və qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir. Muzey Azərbaycan tarixinin və Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Muzeydə Ümummilli Lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər unikal eksponatlar təqdim olunur. Ulu Öndərin hər kəsə nümunə ola biləcək həyat və fəaliyyətini özündə əks etdirən bu unikal muzeylə tanışlıq tələbələrdə geniş təəssürat yaratmış, Heydər Əliyev irsinin dərindən öyrənilməsi baxımından faydalı olmuşdur.