TƏLƏBƏLƏR NƏSİMİ RAYON MƏHKƏMƏSİNDƏ "AÇIQ QAPI" GÜNÜNDƏ İŞTİRAK EDİB
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri “Avropa Ədalət Mühakiməsi Günü” çərçivəsində Bakı şəhər Nəsimi Rayon Məhkəməsində keçirilmiş “Açıq Qapı" günündə iştirak etmişlər
Avropa Şurasının və Avropa Komissiyasının birgə təşəbbüsü ilə hər il oktyabr ayının 25-i “Avropa ədalət mühakiməsi günü” kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd Avropa Şurasına üzv dövlətlərin vətəndaşlarının məhkəmə orqanlarının gündəlik fəaliyyəti haqqında məlumatlılıq səviyyəsinin artırılmasıdır. Tədbir çərçivəsində Nəsimi Rayon Məhkəməsinin hakimləri məhkəmənin fəaliyyəti, məhkəmə-hüquq islahatları, Azərbaycanın hüquq sistemində həyata keçirilən fundamental dəyişikliklər, məhkəmə hüquq-sisteminin beynəlxalq hüquq normalarına uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində görülən işlər barədə tələbələrə ətraflı məlumat vermiş, tələbələrə eyni zamanda, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlükləri, hakimlərin fəaliyyəti, müvafiq infrastrukturun yenilənməsi istiqamətində görülən işlərlə tanış etmişlər. Öz təcrübələrini tələbələrlə bölüşən Nəsimi Rayon Məhkəməsinin kollektivi onların çoxsaylı suallarını cavablandırmışlar.