TƏLƏBƏLƏR TƏRƏFİNDƏN MƏHKƏMƏ SİMULYASİYASI KEÇİRİLİB
24 May 2023 18:17
24 may 2023-cü il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Cinayət prosesi kafedrasının təşkilatçılığı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclası səhnələşdirilmişdir. Simulyasiya çərçivəsində Hüquq fakültəsinin III kurs tələbələri (1546-cı qrup) tərəfindən cinayət prosesinin məhkəmə baxışı mərhələsi səhnələşdirilmişdir. Rol oyunları metodundan istifadə etməklə həmin kursda cinayət-prosessual hüquq fənnini tədris edən cinayət prosesi kafedrasının müdiri, professor Firuzə Abbasova və cinayət prosesi kafedrasının dosenti Könül Hüseynova tərəfindən təşkil olunmuş səhnələşdirilmiş məhkəmə prosesində təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə baxışı canlandırılmışdır. Cinayət prosesinin əsas mərhələlərindən biri olan məhkəmə baxış iclasında rolları tələbələrdən Cavid Mirzəzadə (sədrlik edən – məruzəçi hakim), Nigar Nuriyeva və Nərminə Məmmədova (hakimlər), Samirə Kərimova (etiraz edilən məhkəmə iclas katibi), Ləman Alməmmədova (məhkəmə iclas katibi), Gülsüm Hacıyeva (dövlət ittihamçısı), Ənvər Balakişiyev (təqsirləndirilən şəxs), Aytəkin Qurbanlı (təqsirləndirilən şəxsin müdafiəçisi), Ceyran Məmmədova (zərərçəkmiş şəxsin hüquqi varisi), Nabat İsmayılova (zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi), Şaiq Abdullazadə (şahid), Eltac Allahyarlı (şahid), Məhərrəm Cəfərli (şahid), Nihat Ələkbərli (şahid) və Jalə Bilallı (şahid) məharətlə canlandırmışlar.
Məhkəmə baxışının gedişində özü-özünə etiraz, müşavirə otağında qərarın çıxarılması, xarici dövlətin vətəndaşının şahid qismində dindirilməsi, tərcüməçinin iştirakı və hökmün elan edilməsi tələbələr tərəfindən əyani şəkildə nümayiş etdirilmişdir.
Proses başa çatdıqdan sonra çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev məhkəmə simulyasiyalarının təskil edilməsinin əhəmiyyətindən danışmış, tələbələrin praktiki baxımdan inkişaf etməsində, prosessual normaların əyani şəkildə qavranılmasında və dərk edilməsində, tədrisin keyfiyyətinin yüksəldilməsində müxtəlif simulyasiyaların keçirilməsinin xüsusi rola malik olduğunu vurğulamışdır. Eyni zamanda Zaur Əliyev məhkəmə prosesinin səhnələşdirilməsində əməyi keçən hər kəsə təşəkkür etmiş və davamlı olmasının vacibliyini qeyd etmişdir. O, bu cür layihələrin təşkilinin Hüquq fakültəsinin nüfuzunun artırılmasına xidmət etdiyini vurğulayaraq tələbələrə gələcək işlərində uğurlar arzulamışdır.
Daha sonra çıxış edən Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova tələbələrin simulyasiyanın təşkil edilməsinə xüsusi maraq göstərməsini yüksək qiymətləndirmiş, səhnələşdirilmiş məhkəmə prosesinin həyata keçirilməsinə hazırlıqlardan danışmış, tələbələrə uğurlar arzulamışdır. Firuzə Abbasova simulyasiyaların əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, elm praktikaya xidmət edir və daim onunla vəhdətdə olmalıdır. O, proses iştirakçılarının rəsmi geyim formaları ilə təmin olunmasında əməyi olan hər kəsə təşəkkür etmişdir.
Daha sonra səhnələşdirilmiş məhkəmə simulyasiyasında sədrlik edən hakim rolunu canlandıran, Hüquq fakültəsinin 3-cü kurs tələbəsi Cavid Mirzəzadə tələbələr adından çıxış edərək fakültə rəhbərliyinə və müəllimlərə dərin təşəkkürünü bildirmişdir.
Tədbir səhnələşdirilmiş məhkəmə simulyasiyasında müvafiq rolları canlandıran tələbələrə təşəkkürnamələrin təqdim edilməsi və xatirə şəklinin çəkilməsi ilə yekunlaşmışdır.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42