TƏLƏBƏLƏR TƏRƏFİNDƏN SƏHNƏLƏŞDİRİLMİŞ MƏHKƏMƏ SİMULYASİYASI KEÇİRİLİB
BDU-nun Hüquq fakültəsi tərəfindən səhnələşdirilmiş məhkəmə simulyasiyası keçirilmişdir
SABAH qruplarının II kurs tələbələri tərəfindən Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclası səhnələşdirilmişdir. Rol oyunları metodundan istifadə etməklə həmin kursda Əmək hüququ fənnini tədris edən prof. Mayis Əliyev tərəfindən təşkil olunmuş məhkəmə prosesində iddiaçı Bayramlı Şahin uzun müddət üzrsüz səbəbdən işə gəlməməsi, işə gəlmədiyi barədə məlumat verməməsi və iş fəaliyyəti dövründə yol verdiyi mənimsəmə əməlini törətməsi əsası ilə Dakota MMC-də işlədiyi Maliyyə şöbəsindən azad edilməsi üzrə məhkəmə baxışı canlandırılmışdır.
Məhkəmə baxış iclasında rolları tələbələrdən Nihad Rəhimli (sədrlik edən – məruzəçi hakim), Aysun Dünya və Rüfət İsmayılov (hakimlər), Aysu Seyidzadə (məhkəmə iclas katibi), Şahin Bayramlı (iddiaçı) və Nigar Rəhimli (iddiaçının vəkili), Emin Həziyev (cavabdeh) və Əli Mirzəyev (cavabdehin vəkili), Vəfa Mustafayeva və Elmar Bəyərov (şahidlər), Fatimə Əhmədova (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müffətişliyi Xidmətinin nümayəndəsi – hüquqşünas), Nərmin Salmanova (Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin prokuroru), Asiman Musayeva və Ərturqut Şərəfxanlı (Məhkəmə prosesində digər köməkçi rollar) məharətlə oynamışlar.
Məhkəmə baxış iclasının sonunda sədrlik edən hakim yekun qətnaməni elan etmiş, qətnamənin qəbul edilməsinə səbəb olan hallar ətraflı izah edilmiş, Hüquq fakültəsinin dekanı Zaur Əliyevin, tədbirin təşkilatçısı və rəhbəri Mayis Əliyevin, eyni zamanda tədbirdə iştirak edən digər peşəkar hüquqşünasların fikirləri dinlənilmiş, tədris prosesində simulyasiya metodunun tətbiqinin əhəmiyyəti vurğulanmışdır. Məhkəmə iclasını məharətlə canlandıran tələbələrə təşəkkürnamələr təqdim edilmişdir.