TƏLƏBƏLƏRİMİZ BEYNƏLXALQ HUMANİTAR HÜQUQ MÜSABİQƏSİNDƏ I YERƏ LAYİQ GÖRÜLÜBLƏR
BDU-nun Hüquq fakültəsinin tələbələri Beynəlxalq Humanitar Hüquq müsabiqəsində birinci yerə layiq görülüblər
2022-ci il 6-8 iyun tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi tərəfindən Beynəlxalq Humanitar Hüquq (BHH) üzrə məhkəmə müsabiqəsi təşkil edilmişdir. Müsabiqədə Bakı Dövlət Universiteti, ADA Universiteti, Dövlət Gömrük Akademiyası, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi məktəbi olmaqla Azərbaycanın altı müxtəlif universitet və akademiyasından 18 tələbə iştirak etmişdir.
Müsabiqənin məqsədi hüquq fakültəsi tələbələrinin BHH üzrə biliklərini təşviq etmək və artırmaq, habelə onları gələcək karyeralarında BHH haqqında bilikləri daha yaxşı həyata keçirməyə və yaymağa imkan verəcək zəruri bacarıqlarla təchiz etməkdir.
Üç gün davam edən yarışda tələbələr silahlı münaqişə vəziyyətlərini nümayiş etdirən bir sıra interaktiv təlimlərdə və simulyasiyalarda iştirak ediblər. Son gündə üç tələbədən ibarət hər bir komanda Cenevrə Konvensiyalarının hüquqi arqumentlərinə əsaslanaraq, hakimlər heyəti qarşısında çıxış etmişlər.
BQXK-nın nümayəndəsi Jalə Əzizova Hüquq fakültəsinin tələbələrinin müsabiqədə iştirakından məmnunluğunu ifadə etmişdir.
Komanda şəklində keçirilən müsabiqənin final mərhələsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri qələbə qazanaraq birinci yerə layiq görülmüşlər. Komandanın üzvləri Hüquq fakültəsinin IV kurs tələbələri Məryam Atakişiyeva, Röya Məlikzadə və Kənan Qayıbov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Arian Bauer tərəfindən təltif edilmiş, qalib komandaya kubok, sertifikat və müxtəlif hədiyyələr təqdim edilmişdir.