ÜMUMDÜNYA İNSAN HÜQUQLARI BƏYANNAMƏSİ VƏ AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYASI MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi kampaniyası çərçivəsində növbəti təlim keçirilmişdir. Hüquq fakültəsinin 3-cü kurs tələbəsi Səyad Ələkbərov Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbində bir qrup tələbə və şagirdə “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Azərbaycan Respublikasının Konstitusiyası” mövzusunda təlim keçmişdir. Bəyannamənin mahiyyəti, Bəyannamədə və Konstitusiyamızda təsbit olunmuş hüquqların əhəmiyyəti, hüquqlar və vəzifələrin fərqi, qadınlar və kişilərin hüquq bərabərliyi mövzularını əhatə edən interaktiv formada keçirilmiş təlim iştirakşılar tərəfindən böyük maraqla qarşılanmış, onların çoxsaylı sualları cavablandırılmışdır.
Qeyd edək ki, Hüquq fakültəsinin dekanı Zaur Əliyevin təşəbbüsü ilə fakültənin tarixində ilk dəfə olaraq “Tələbə tərəfindən tələbə üçün” adlı layihənin icrasına başlanılmışdır. Layihə çərçivəsində xüsusi təlim keçmiş yuxarı kurs tələbələri tərəfindən aşağı kurs tələbələrinə insan hüquqları hüququna dair müxtəlif mövzular üzrə interaktiv təlimlərin keçirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi təlimçi tələbənin öz bilikləri ilə tələbə yoldaşları ilə bölüşmək və qarşılıqlı şəkildə öyrənməkdir. Təlimlər müddətində tələbələr özlərinin ictimai nitq, hüquqi araşdırma, təqdimat, arqumentləri düzgün müdafiə etmə kimi bacarıqlarını inkişaf etdirəcək, müəyyən edilmiş mövzu barəsində fundamental biliklər əldə edəcəklər.