ÜMUMDÜNYA İNSAN HÜQUQLARI BƏYANNAMƏSİNƏ GİRİŞ MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində BMT tərəfindən elan edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi kampaniyasına start verilmişdir. Hüquq fakültəsinin dekanı Zaur Əliyevin təşəbbüsü ilə fakültənin tarixində ilk dəfə olaraq "Tələbə tərəfindən tələbə üçün" adlı layihənin icrasına başlanılmışdır. İlk tədbir 9 dekabr 2022-ci il tarixində keçirilmişdir. Layihənin ilk təlimçisi Hüquq fakültəsinin 3-cü kurs tələbəsi Səyad Ələkbərov "Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə giriş" mövzusu üzrə fərqli kurslardan olan tələbələrə təlim keçmişdir.
İnteraktiv formada keçirilmiş təlim tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır. Təlim iştirakçıları mözvu ilə bağlı suallar vermiş və müzakirələr aparmışlar. Suallar, əsasən, Bəyannamənin tarixi, Azərbaycan qanunvericiliyinə təsiri, günümüzdə olan aktuallığı, maddələrin təfsiri məsələlərini əhatə etmişdir.
Qeyd edək ki, layihə çərçivəsində xüsusi təlim keçmiş yuxarı kurs tələbələri tərəfindən aşağı kurs tələbələrinə insan hüquqları hüququna dair müxtəlif mövzular üzrə interaktiv təlimlərin keçirilməsi nəzərdə tutulur.
Layihənin əsas məqsədi təlimçi tələbənin öz bilikləri ilə tələbə yoldaşları ilə bölüşmək və qarşılıqlı şəkildə öyrənməkdir. Təlimlər müddətində tələbələr özlərinin ictimai nitq, hüquqi araşdırma, təqdimat, arqumentləri düzgün müdafiə etmə kimi bacarıqlarını inkişaf etdirəcək, müəyyən edilmiş mövzu barəsində fundamental biliklər əldə edəcəklər.