Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə və İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilmişdir
08 dekabr 2023-cü il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsinin, BMT-nin Azərbaycandakı nümayəndəliyinin və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə və İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Hüquq fakültəsinin dekanı Zaur Əliyev, dekan müavini Aytəkin İbrahimova, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak etmişlər. Açılış nitqi ilə Birləşmiş Millətlər Təşkilatının Rezident Əlaqələndiricisi Vladanka Andreeva, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış etmişlər. Dekan Zaur Əliyev çıxışında bildirmişdir ki, Azərbaycanda insan hüquqlarının inkişafı siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin həmişə insan hüquqlarının müdafiəsinə xüsusi önəm verdiyini vurğulayan dekan Azərbaycanda insan hüquqları sahəsində ilk dövlət proqramının məhz xalqımızın ümummili lideri Heydər Əliyev tərəfindən təsdiq edildiyini qeyd etmişdir. Fakültə dekanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi insan hüquqları siyasətinin artıq milli strategiya kimi formalaşdığını, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən Milli İnsan Hüquqları Gününün təsis edildiyini bildirmişdir. Dekan onu da qeyd etmişdir ki, artıq bir neçə ildir ki, İnsan Hüquqları Gününü qalib dövlətin qürurlu vətəndaşları kimi qeyd edirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun işğal altında olan əraziləri azad etdiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edən dekan bununla da tarixi ədalətin, pozulmuş beynəlxalq hüquq normalarının və fundamental insan hüquqlarının bərpa olunduğunu vurğulamışdır. Hüquq fakültəsində insan hüquqlarının tədrisi, həmçinin İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi münasibətilə görülən işlərdən ətraflı danışan dekan ilk dəfə olaraq həyata keçirilən “Tələbədən tələbəyə” layihəsi çərçivəsində Bəyannamənin tədrisi, tələbələr tərəfindən Bəyannamənin hər bir maddəsinə həsr olunmuş qısa videoçarxların hazırlandığını diqqətə çatdırmışdır. Tədbirdə fakültənin tələbələri tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr edilmiş videoçarx nümayiş etdirilmiş, daha sonra tədbir Hüquq fakültəsi tələbələrinin Bəyannamənin layihəsinin hazırlanması və qəbulu tarixini canlandıran “sosial teatr” tamaşası ilə davam etmişdir. Tamaşa tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Onu da qeyd etmək lazımdır ki, tələbələr tədbirdə könüllü kimi də iştirak etmiş, tədbirin təşkilində yaxından köməklik göstərmişlər. Tədbirin sonunda Hüquq fakültəsinin tələbələri BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva tərəfindən sertifikatla təltif edilmişlər.