ÜMUMDÜNYA UŞAQ HÜQUQLARI GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB
Hüquq fakültəsində 20 noyabr Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə qonaq qismində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, Komitənin Uşaq Səfirləri Məclisinin üzvləri, Bakı Şəhəri Yasamal rayonu 53 nömrəli məktəbin şagirdləri, müəllimləri və valideynləri iştirak etmişlər. Tədbiri açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycanda uşaq siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, ulu öndərin uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetişməsinə xüsusi önəm verdiyini bildirmişdir. Əsası ümummilli lider tərəfindən qoyulmuş Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasətin artıq milli strategiya kimi formalaşdığını diqqətə çatdıran dekan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaq hüquqlarına olan diqqətinin bu sahəyə qayğının daha da artmasına səbəb olduğunu qeyd etmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızı qısa müddət ərzində azad etməsindən, Qarabağda gedən böyük quruculuq işlərindən danışan Z.Əliyev uşaqların qalib dövlətin xoşbəxt övladları olduqlarını vurğulamışdır.
Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri professor Məhəbbət Dəmirçiyeva ailədə uşaqların tərbiyəsindən, tərbiyənin formalaşmağında valideynlərin rolundan bəhs etmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova dövlət uşaq siyasətindən, çalışdığı Komitənin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyətdən bəhs etmişdir. Komitənin uşaq səfirləri məclisinin üzvü Ayan Əhmədova məclis tərəfindən həyata keçirilən layihələrdən bəhs etmişdir. Sonra çıxış üçün söz 53 nömrəli məktəbin şagirdlərinə verilmişdir. Onlar tərəfindən şeirlər səsləndirilmiş, vətənpərvərlik mövsuzunda çıxışlar dinlənilmişdir. Daha sonra uşaqlar fakültə ilə tanış olmuş, Hüquq fakültəsinin tələbəsi olmaq istədiklərini bildirmişlər.