ÜMUMMILLI LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Hüquq fakültəsinin professor-müəllim heyəti, tələbələr, magistrantlar və doktorantlar iştirak etmişlər. Tədbiri açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası, o cümlədən ulu öndərin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar barədə məlumat vermişdir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dərin ictimai-siyasi və iqtisadi böhrandan xilası və davamlı inkişafın təməllərinin qoyulduğunu diqqətə çatdıran fakültə dekanı qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etmiş, ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, beləliklə də Azərbaycanı bütöv görmək istəyən ulu öndər Heydər Əliyevin ən böyük arzusu həyata keçirilmişdir. Z.Əliyev qeyd etmişdir ki, ulu öndərin xeyirxahlıq və mərhəmətlilik missiyası bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ilə davam etdirilir. Müstəqil dövlətimizi qorumaqdan ötrü, davamlı qələbələr qazanmaq və yeni zirvələri fəth etməkdən ötrü Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməyin zəruri olduğunu bildirən dekan bunun hər birimizin, o cümlədən gənclərin vəzifəsi olduğunu diqqətə çatdırmışdır.
Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı həyat yolu, zəngin və tükənməz irsi barədə ətraflı məlumat vermişdir.
Tədbirdə çıxış edən Hüquq fakültəsinin 1-ci kurs tələbələri, Prezident təqaüdçüsü Həmidə Sadıqova və Güllü Abbasova müasir Azərbaycan dövlətinin banisi olan Ulu öndərin bugünkü və gələcək nəsillər üçün nümunə olan keçdiyi həyat yolundan bəhs etmiş, ümummilli liderin məzunu olduğu Universitetdə təhsil aldıqları üçün qürur duyduqlarını bildirmişlər.
Tədbirdə həmçinin, Ulu öndərə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.