VƏTƏN BÖLÜNMƏZ ADLI TƏDBİR KEÇİRİLİB
Bakı Dövlət Universitetimin (BDU) Hüquq fakültəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının birgə təşkilatçılığı ilə “Vətən bölünməz" adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himnimiz səsləndirilib, sonra Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hüquq fakültəsinin sosial məsələlər üzrə dekan müavini Aytəkin İbrahimovanın moderatorluğu ilə keçirilən tədbirdə fakültənin dekan vəzifəsini icra edən Cabir Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Kursant Elmi Cəmiyyətinin sədri Namiq Məhərrəmov, Cinayət, Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova çıxış edərək Vətən müharibəsində qazanılmış parlaq Qələbə münasibətilə təbrik nitqləri səsləndirmişdir. Həmçinin ən yeni tariximiz, Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən hərbi təcavüzü, Qarabağın erməni işğalından azad olunması və beynəlxalq hüquq normalarına zidd əməllərin, cinayətlərin törədilməsi barədə çıxışlar olub.
Tədbirdə Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının İdarə Heyəti üzvləri Siyavuş Bağırov, Gülsüm Hacıyeva və Cavid Mirzəzadənin, eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Kursant Elmi Cəmiyyətinin fəal üzvlərinin çıxışları baş tutmuşdur. Çıxışlarda 8 Noyabrda Şuşaya sancılan ay-ulduzlu üçrəngli bayraq şəhid qanıyla bütövləşən vətən torpaqlarının bölünməzliyinin simvolu olduğu, Dəmir Yumruq əməliyyatının ölkəmizdəki xalq-dövlət-ordu birliyini bütün dünyaya nümayiş etdirdiyi və bu ifadə tək Azərbaycan xalqının deyil, bütövlükdə Türkiyə - Azərbaycan qardaşlığının və dostluğunun mücəssəməsinə çevrildiyi vurğulanmışdır. Azərbaycan ordusunun və onun müzəffər Ali Baş Komandanının qətiyyəti və xalqın inamı tarixi zəfəri şərtləndirən başlıca amillərdən olduğu diqqətə çatdırılmışdır.
Sonda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birinci kurs tələbələri Məmmədov Səfər və Ağayeva Rəhimə müəllifləri olduqları şeirləri səsləndiriblər.