VƏTƏN MÜHARİBƏSİ QAZİLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüş keçirilmişdir.
Tədbirdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılmış, Azərbaycan Respublikasının dövlət himni səslənmişdir. Daha sonra Vətən müharibəsində qazandığımız şanlı qələbəmizə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Tədbir fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Aytəkin İbrahimovanın moderatorluğu ilə həyata keçirilmişdir.
Tədbiri dekan vəzifələrini icra edən dosent Cabir Quliyev açıq elan edərək Vətən müharibəsində şəhid olan universitet məzunları və tələbələrinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs etmiş, şəhid ailələri və qazilərin dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulamışdır. Daha sonra çıxış üçün söz professor Əmir Əliyevə verilmişdir.
Əmir Əliyev torpaqlarımızın düşməndən azad edilməsində əsl qəhrəmanlıq göstərən şəhid övladlarımızın xatirəsinə və qazilərə öz ehtiramını bildirmişdir. Onların əsl vətənpərvərlik nümayiş etdirərək 30 il işğal altında olan torpaqlarımızın cəmi 44 gün ərzində yağı düşməndən azad edilməsində böyük fədakarlıq göstərdiklərini vurğulamışdır. Tədbir fakültənin professor-müəllim heyətinin və qazilərin çıxışı ilə davam etmişdir. Tədbirdə Mülki hüquq kafedrasının müdiri professor Məhəbbət Dəmirçiyeva, Cinayət Hüququ və kriminologiya kafedrasının müdiri professor Şəhla Səmədova, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti Novruz Mehdiyev, Mülki proses və kommersya hüququ kafedrasının dosenti Əsmər Əliyeva, fakültənin məzunu şəhid Ceyhun Şalıyevin xalası Rəna xanım çıxış edərək Vətən müharibəsində qazandığımız şanlı qələbədən danışmışlar. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməklə 30 illik Vətən həsrətinə son qoyduqlarını xüsusi vurğulamışlar
Vətən müharibəsi qaziləri fakültənin məzunları Qafar Nəzərov, Şamil Abbasov, Ağadadaş Dadaşzadə, Toğrul Kazımlı, Kənan Qureyişov, fakültənin tələbəsi Şamo İsmayılbəyli, keçdikləri döyüş yolundan danışmış,muniversitet və fakültə rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Sonda fakültənin 2-ci kurs tələbəsi Cavid Mirzəzadə fakültə tələbələrinin adından çıxış edərək iştirakçılara öz dərin təşəkkür və minnətdarlığını bildirmiş və müəllifi olduğu “Bayraq” şeirini səsləndirmişdir.